Qaynar xətt:

(+99450) 247 90 86

Nardaran əməliyyatında iflic olan Əbülfəz Bünyadov azadlığa buraxıldı

CƏMİYYƏT

940

10.07.2019, 19:40

\"\"  2015-ci il noyabrın 26-da Nardaranda əməliyyat keçirilən evin sahibi, özü də əməliyyat zamanı onurğasından aldığı iki güllə yarasıyla iflic olan Əbülfəz Bünyadov həbsdən buraxılıb. Oxu24.com xəbər verir ki, iyulun 10-da Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov bu barədə qərar çıxarıb. Məhkəmə Penitensiar Xidmətin Mülaicə Müəssisəsində, Ə.Bünyadovun vəkili Fəxrəddin Mehdiyevin ərizəsi əsasında keçirilib. Vəkil CM-in 76.2 (cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər) maddəsinə əsasən, onun azadlığa buraxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdi. Məhkəmə iclasında Ə.Bünyadov özü də iştirak edib. Dövlət ittihamçısı ərizənin təmin olunmasına etiraz etməyib. Qısa müşavirədən sonra hakim ərizənin təmin edildiyini açıqlayıb. Ə.Bünyadov artıq evinə göndərilib. Nardaranda 2-si polis olmaqla, 6 nəfərin öldürüldüyü, “Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov və başqalarının tutulduğu əməliyyat Ə.Bünyadovun evində keçirilib. Onun özü də həmin əməliyyatda onurğasından iki güllə yarası almaqla, hərəkət qabiliyyətini tam itirib. Yaralanaraq iflic olmasına baxmayaraq, həmin gün tutulub və 1 il 1 ay həbsdə saxlanılıb, 2016-cı ilin sonunda polis nəzarətinə vermə-qətimkan tədbiri ilə həbsdən buraxılıb. 2018-ci il iyulun 11-də 15 illik həbsi haqqında hökm oxunarkən məhkəmə zalında həbs edilib. Hökmə əsasən, o, 15 illik cəzanın ilk 3 ilini Qobustanda həbsxana rejimində çəkməliydi. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbs olunub. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər. Nardaran məhbuslarının bir hissəsi prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.